ABŞ-də müəmmalı şəkildə itkin düşmüş alimlərdən birinin meyiti Nyu-Meksiko meşələrində tapılıb.
Hafta.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. "Bir turist Karson Milli Meşəsində insan qalıqları tapıb. Qalıqların itkin düşmüş Melissa Kasias olduğu dəqiq müəyyən edilib", - polisin yaydığı açıqlamada qeyd olunub.
Qeyd edək ki, alim ötən ilin iyunun 26-da itkin düşüb. O, həmin gün həyat yoldaşını işə aparıb, daha sonra iş icazəsini unutduğuna görə evə qayıtmalı olub. Kasias şəxsi və iş telefonlarını formatlayıb (sıfırlayıb) və evi tərk edib.
Kasias Nyu-Meksikoda yerləşən Los Alamos Milli Laboratoriyasında (1943-cü ildə yaradılmış yüksək məxfi nüvə tədqiqat laboratoriyası - red.) çalışıb. O, nüvə silahları tədqiqatlarında iştirak etmiş və bu sahədə mütəxəssis hesab olunurdu.
Xatırladaq ki, Los Alamos Milli Laboratoriyası ilə əlaqəli olan və məxfi məlumatlara çıxışı olan keçmiş ABŞ Hərbi Hava Qüvvələri general-mayoru Uilyam Neyl Makkasland da Nyu-Meksikoda sirli şəkildə yoxa çıxıb. Polis Makkaslandın telefonunun, eynəyinin və digər əşyalarının evdə qaldığını, lakin onun gəzinti çəkmələrinin, pul kisəsinin itdiyini bildirib.
2023-cü ildən bəri ABŞ-də kosmik və nüvə fizikası üzrə təhsil alan ən azı səkkiz alimin qeyri-müəyyən şəraitdə öldüyü və ya itkin düşdüyü bildirilir.